- 10:25
Yaponiyada havanın temperaturunun 40 dərəcəni ötməsi səbəbindən ölkədə ilk dəfə olaraq “amansız isti gün” xəbərdarlığı elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bu ilin aprel ayında qüvvəyə minən yeni təsnifata əsasən, 40 dərəcə Selsidən yuxarı temperatur qeydə alınan günlər üçün "kokuşobi" ("amansız isti gün") termini tətbiq olunur. Məqsəd son illərdə daha tez-tez müşahidə edilən ekstremal istilərlə bağlı əhalinin vaxtında məlumatlandırılmasıdır.
Rekord həddə çatan isti hava dalğası nəticəsində Quco, Tacimi və Toyota şəhərlərində temperatur 40 dərəcə və daha yuxarı səviyyəyə çataraq yeni rekordlar qeydə alınıb.
Ölkə üzrə meteoroloji müşahidə məntəqələrinin üçdə birindən çoxunda temperatur 35 dərəcəni ötüb. Güclü istilər səbəbindən Niiqata və Kanaqava şəhərlərində insan tələfatının olduğu bildirilir.
Ekstremal hava şəraiti ölkənin sosial və iqtisadi həyatına da ciddi təsir göstərir. Əsas ərzaq məhsullarından hesab olunan düyünün məhsuldarlığı azalır, fermerlər isə istiyədavamlı düyü növlərinin və avokado kimi ənənəvi olmayan kənd təsərrüfatı məhsullarının becərilməsinə üstünlük verməyə başlayıblar.
İsti hava idman sahəsinə də təsirsiz ötüşməyib. Yaponiyanın ən nüfuzlu idman tədbirlərindən sayılan milli lisey beysbol çempionatının oyunları iştirakçıların təhlükəsizliyini təmin etmək məqsədilə səhər və axşam seanslarına bölünüb.
Araşdırmalara əsasən, istixana qazı emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılmasa, yaxın onilliklərdə məktəblərdə açıq havada keçirilən idman fəaliyyətləri tamamilə mümkünsüz hala gələ bilər.
Artan istilər və elektrik enerjisi təchizatındakı çətinliklər fonunda Yaponiyada şirkət mədəniyyətində də dəyişikliklər müşahidə olunur. Elektrik sərfiyyatını azaltmaq məqsədilə tətbiq edilən "Cool Biz" proqramı çərçivəsində ofis əməkdaşlarına şort, polo yaxalı köynək və idman ayaqqabısı kimi daha rahat geyimlərdən istifadə etmələri tövsiyə edilir.
Ənənəvi olaraq kostyum və qalstuk tələbinin üstünlük təşkil etdiyi iş mühitində bu cür geyimlərin təşviqi Yaponiyada korporativ mədəniyyətin iqlim dəyişikliyinə uyğunlaşmağa başladığını göstərir.
Şəbnəm Mehdizadə