- 10:58
Cənubi Koreyada "Michelin" ulduzlu restoranın sahibi və baş aşpazı qida təhlükəsizliyi qanunvericiliyini pozmaqda ittiham olunur.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ittihama görə, restoran rəhbərliyi istehlakına icazə verilməyən qarışqalardan desert hazırlanmasında istifadə edib.
Cənubi Koreyanın Qida və Dərman Təhlükəsizliyi Nazirliyi sosial şəbəkələrdə yayılan paylaşımlar və bloq yazılarında məsələ ilə bağlı məlumatların yer almasından sonra araşdırmalara başlayıb.
İstintaq zamanı müəyyən edilib ki, restoran turşməzə dad vermək məqsədilə hazırlanan sorbe desertinin üzərinə qurudulmuş qarışqalar səpərək müştərilərə təqdim edib.
Cənubi Koreya qanunvericiliyinə əsasən, yalnız çəyirtkə, un qurdu və ipəkqurdu kimi məhdud sayda həşərat növünün qida məhsulu kimi istifadəsinə icazə verilir. Digər həşərat növlərindən istifadə etmək istəyən müəssisələr isə əvvəlcədən müvəqqəti icazə almalıdır. İstintaq materiallarında restoranın bu prosedura əməl etmədiyi bildirilir.
Prokurorluğun iddiasına görə, restoran ABŞ və Tailanddan idxal olunan qarışqalardan istifadə etməklə dörd il ərzində minlərlə porsiya desert satıb və bu müddətdə on minlərlə qarışqadan istifadə olunub.
Məhkəmədə restoran rəhbərliyi ittihamları qismən rədd edərək prokurorluğun açıqladığı rəqəmlərin həqiqəti əks etdirmədiyini, həmçinin bütün müştərilərin desertə qarışqa əlavəsini qəbul etmədiyini bildirib.
Müdafiə tərəfi qeyd edib ki, baş aşpaz daha əvvəl ABŞ və Avropada çalışarkən yeməklərə təbii turş dad vermək üçün qarışqalardan istifadə edib və bu praktikanın Cənubi Koreyada qanunla qadağan olunduğunu bilməyib.
İttiham aktına əsasən, restoran sahibinə bir il müddətinə azadlıqdan məhrumetmə, restorana məxsus şirkətə isə iri məbləğdə cərimə cəzasının tətbiqi tələb olunur.
İş üzrə yekun məhkəmə qərarının bu ilin payızında açıqlanacağı gözlənilir.
Şəbnəm Mehdizadə