- 10:58
"Arıqlama dərmanı" kimi tanınan və 2-ci tip diabetlə yanaşı piylənmənin müalicəsində istifadə olunan GLP-1 qrupuna aid preparatların saç tökülməsi (alopesiya) riskini artıra biləcəyi müəyyən edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin tədqiqatçıları tərəfindən aparılan və "The BMJ" jurnalında dərc olunan araşdırmada GLP-1 qrupuna daxil olan dərmanlar 2-ci tip diabet müalicəsində istifadə edilən digər iki geniş yayılmış dərman qrupu - SGLT-2 və DPP-4 inhibitorları ilə müqayisə edilib.
Araşdırma çərçivəsində 12 mindən çox GLP-1 istifadəçisinin məlumatları SGLT-2 və DPP-4 inhibitorlarından istifadə edən minlərlə xəstənin göstəriciləri ilə qarşılaşdırılıb.
Yaş, cins və mövcud sağlamlıq vəziyyətləri kimi amillər nəzərə alınmaqla aparılan təhlillər nəticəsində müəyyən edilib ki, GLP-1 istifadə edən şəxslərdə saç tökülməsi riski SGLT-2 inhibitorlarından istifadə edənlərlə müqayisədə 37 faiz, DPP-4 inhibitorlarından istifadə edənlərlə müqayisədə isə 68 faiz daha yüksəkdir.
Mütəxəssislərin açıqladığı məlumatlara əsasən, müəyyən edilən risk "iz buraxmayan alopesiya" növü ilə bağlıdır. Bu isə tökülən saçların zamanla yenidən bərpa olunma ehtimalının olduğunu göstərir.
Tədqiqatçılar bildiriblər ki, GLP-1 preparatlarının səbəb olduğu sürətli çəki itkisi, eləcə də dəmir və sink kimi mineralların səviyyəsində baş verən dəyişikliklər saçların böyümə dövrünə mənfi təsir göstərə bilər.
Qeyd olunub ki, orqanizmdə qidalanma balansının dəyişməsi müvəqqəti saç tökülməsi növü olan "telogen effluvium" vəziyyətinə səbəb ola bilər.
Araşdırmada ümumi risk səviyyəsinin aşağı olduğu da vurğulanıb. Məlumata görə, hər 1000 nəfərdən təxminən 7-də il ərzində saç tökülməsi müşahidə olunub. Müqayisə üçün bu göstərici SGLT-2 istifadəçilərində 5, DPP-4 istifadəçilərində isə 4 nəfər təşkil edib.
Mütəxəssislər qeyd edirlər ki, risk aşağı olsa da, əldə olunan nəticələr müalicə prosesində nəzərə alınmalı və mümkün yan təsirlər hər bir xəstə üçün fərdi şəkildə qiymətləndirilməlidir.
Şəbnəm Mehdizadə