- 10:58
Yaponiyada həddindən artıq isti havalarda insan bədənini qısa müddətdə sərinlətmək üçün hazırlanmış yeni texnologiya təqdim olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Fərdi sərinləmə kabini" adlandırılan cihaz istifadəçini 10 dəqiqə ərzində tam şəkildə sərinlətməyi vəd edir.
Paslanmayan poladdan hazırlanan və 2,1 metr hündürlüyə malik olan kabin "Do Hiemon" adı ilə satışa çıxarılıb. Qurğu yüksək temperatur təsirinə məruz qalan insanların bədən istiliyini sürətlə azaltmaq məqsədi daşıyır.
İstehsalçıların məlumatına görə, kabinin daxilində temperatur 15 dərəcəyə qədər endirilə bilir. Eyni zamanda istifadəçinin baş, boyun, çiyin və kürək nahiyələrinə 5 dərəcə temperaturda soyuq hava üfürülür.
Şirkət nümayəndələri bildirirlər ki, bu üsul isti vurması və istidən yaranan yorğunluq əlamətlərini adi kondisioner və ventilyatorlarla müqayisədə daha sürətli azaltmağa imkan verir.
Dünyanın müxtəlif bölgələrində istilik dalğalarının güclənməsi və temperatur rekordlarının yenilənməsi yeni soyutma texnologiyalarına marağı artırıb. Yaponiyada termometrlərin 40 dərəcədən yuxarı göstəriciləri qeydə alması da bu cür həllərin hazırlanmasına təkan verib.
Təxminən 1,5 milyon yen qiymətində olan cihazın istismar xərclərinin aşağı olduğu bildirilir. Qurğunun əsasən fərdi istifadəçilərdən daha çox yüksək temperatur şəraitində fəaliyyət göstərən fabriklər, anbarlar və ictimai məkanlar kimi təcili sərinləmə ehtiyacı olan yerlərdə tətbiqi nəzərdə tutulur.
Şəbnəm Mehdizadə