ABŞ-də salmonella şübhəsi ilə milyonlarla yumurta geri çağırılıb


  • 17:14

ABŞ Qida və Dərman Administrasiyası (FDA) salmonella bakteriyası ilə çirklənmə ehtimalına görə milyonlarla yumurtanın geri çağırıldığını açıqlayıb.

E-huquq.az xəbər verir ki, FDA-nın yaydığı məlumata əsasən, "Midwest Poultry Services" şirkətinin Texas ştatında fəaliyyət göstərən iki quşçuluq təsərrüfatında salmonella bakteriyası aşkarlanıb.

Şirkət Texasdakı təsərrüfatlarda istehsal olunan yumurtaların satışını dayandırıb və FDA vasitəsilə istehlakçılar üçün xəbərdarlıq yayımlayıb.

Şirkət iyunun 6-dan iyulun 3-dək Texasdakı təsərrüfatlardan bazara çıxarılan təxminən 1,6 milyon düzün ağ və qəhvəyi yumurtanı bakteriya ilə çirklənmə ehtimalına görə geri çağırıb.

Məhsullar Texas, Oklahoma və Luiziana ştatlarına paylanılıb. Bundan əlavə, yumurtalar Arkanzas, Nyu-Meksiko və Missisipi ştatlarında yerləşən satış məntəqələrində də istehlakçılara təqdim olunub.

Hazırkı məlumata görə, geri çağırılan məhsullarla əlaqəli hər hansı yoluxma halı qeydə alınmayıb.

Mütəxəssislərin bildirdiyinə görə, salmonella infeksiyasının əsas əlamətləri qızdırma, ishal, ürəkbulanma, qusma və qarın ağrısıdır. Əksər hallarda simptomlar bir neçə gün ərzində keçsə də, azyaşlılar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün infeksiya ciddi, hətta həyati təhlükə yarada bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər