Vyetnamda 16 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti təklif olunur


  • 13:01

Vyetnamda 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan yeni qanun layihəsi parlamentə təqdim edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsində 16 yaşdan aşağı şəxslərin valideyn və ya qanuni nümayəndənin icazəsi olmadan sosial şəbəkələrdə paylaşım etməsi, paylaşımlara şərh yazması və ya reaksiya verməsi məhdudlaşdırılır.

Layihəyə əsasən, sosial media hesabları Vyetnamda qeydiyyata alınmış telefon nömrəsi vasitəsilə təsdiqlənəcək. Valideynlər və ya qanuni nümayəndələr isə uşaqların sosial şəbəkələrdəki fəaliyyətinə görə məsuliyyət daşıyacaqlar.

Bundan əlavə, sosial media platformalarından uşaqlar üçün zərərli hesab edilən məzmunu izləmələri və azyaşlıların bu cür paylaşımlara çıxışını məhdudlaşdırmaları tələb olunur.

Qeyd edək ki, son illərdə bir sıra ölkələr də uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirmək məqsədilə oxşar addımlar atır. Məsələn, Fransada 15 yaşdan kiçik uşaqların sosial media platformalarına çıxışı ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər