- 14:21
Avstraliya Müalicəvi Məhsullar İdarəsi (TGA) arıqlama və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 qrupuna aid dərmanlarla bağlı yeni xəbərdarlıq yayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum bu preparatların nadir hallarda ciddi göz xəstəliyinə səbəb ola biləcəyini bildirib.
TGA-nın açıqlamasında qeyd olunub ki, sözügedən dərmanlar arteritik olmayan ön işemik optik neyropatiya (NAION) adlanan nadir xəstəliyin yaranma riskini artıra bilər. Bildirilir ki, bu xəstəlik daimi görmə pozğunluğuna, o cümlədən korluğa səbəb ola bilər və hazırda görməni bərpa edən təsdiqlənmiş müalicə üsulu mövcud deyil.
Qurum GLP-1 preparatlarından istifadə edən şəxslərə hər hansı görmə itkisi və ya qəfil görmə dəyişikliyi hiss etdikləri təqdirdə dərmanın qəbulunu dayandıraraq təcili şəkildə tibb müəssisəsinə müraciət etməyi tövsiyə edib.
TGA-nın məlumatına görə, indiyədək GLP-1 dərmanlarının istifadəsi ilə əlaqələndirilən 36 NAION hadisəsi qeydə alınıb.
Mütəxəssislərin bildirdiyinə görə, NAION gözün arxa hissəsində yerləşən görmə sinirinə qan axınının pozulması nəticəsində yaranır. Xəstəlik adətən ağrı olmadan, qəfil görmə itkisi ilə özünü göstərir və əksər hallarda geri dönməz xarakter daşıyır.
Qeyd edək ki, GLP-1 preparatları qanda şəkərin səviyyəsini və iştahanı tənzimləyən hormonu təqlid edərək təsir göstərir. Bu dərmanlar əsasən 2-ci tip diabetin müalicəsində istifadə olunsa da, son illərdə arıqlama məqsədilə də geniş tətbiq edilir.
Şəbnəm Mehdizadə