Astronomlardan kosmosda görünməmiş kəşf


  • 14:21

Astronomlar Günəş Sistemindən kənarda səma cisimlərinin təsnifatına yeni baxış tələb edən qeyri-adi obyekt aşkar ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Cənub Rəsədxanasının (ESO) Çilidə yerləşən Çox Böyük Teleskopu (VLT) vasitəsilə aparılan və nəticələri "Nature" jurnalında dərc olunan araşdırmada alimlər bu obyekti hələlik "eksomoon" (Günəş Sistemindən kənar təbii peyk) adlandırıblar.

Araşdırmaya görə, obyekt Günəşdən kənarda yerləşən və "qəhvəyi cırtdan" kimi tanınan göy cisminin orbitində hərəkət edir.

Qəhvəyi cırtdanlar ulduz olmaq üçün kifayət qədər böyük, planet sayılmaq üçün isə həddindən artıq kütləli olmayan səma cisimləridir.

Tədqiqatın müəlliflərindən Kevin Hoy bildirib ki, aşkar edilən obyekt planet hesab olunacaq qədər böyük olsa da, birbaşa ulduzun ətrafında dövr etmir. Onun sözlərinə görə, cisim ulduzun ətrafında hərəkət edən başqa bir obyektin orbitində yerləşir və sistemdə üçüncü orbital halqanı təşkil etdiyindən onu peyk kimi qiymətləndirmək daha məqsədəuyğundur. Bununla belə, alim vurğulayıb ki, bu obyekt indiyədək məlum olan qayalı peyklərə bənzəmir.

Araşdırmada iştirak edən astrofizik Alis Zurlo isə qeyd edib ki, Günəş Sistemində planet, ulduz və peyk anlayışları arasında sərhədlər aydın olsa da, bu sistemdə həmin anlayışlar bir-birinə qarışır.

Qeyd edək ki, astronomlar indiyədək 6 mindən çox Günəş Sistemindən kənar planet (ekzoplanet) aşkar etsələr də, onların heç birinin ətrafında fırlanan təbii peykin mövcudluğu qəti şəkildə təsdiqlənməyib. CD-35 2722 sistemindəki bu kəşf təsdiqlənərsə, tarixdə Günəş Sistemindən kənarda aşkarlanan ilk təbii peyk kimi qeydə alınacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər