Fransa meşə yanğınları ilə mübarizə üçün Aİ-dən dəstək istədi


  • 16:44

Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən genişmiqyaslı meşə yanğınları ilə mübarizəyə dəstək məqsədilə Avropa İttifaqının (Aİ) mülki müdafiə mexanizminin işə salınmasını xahiş edib.

E-huquq.az-ın məlumatına görə, Makron "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, xüsusilə ölkənin cənub-qərbində yerləşən Jirond departamentində yanğınların söndürülməsi istiqamətində intensiv işlər davam etdirilir.

Prezident yanğınların söndürülməsində iştirak edən yanğınsöndürənlərə və digər aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edərək qeyd edib ki, son günlər minlərlə hektar ərazini əhatə edən yanğınlarla mübarizədə Aİ-nin mülki müdafiə mexanizmi çərçivəsində beynəlxalq dəstəyə ehtiyac yaranıb.

Onun sözlərinə görə, bu çərçivədə Xorvatiyadan iki, Portuqaliyadan iki yanğınsöndürmə təyyarəsi, həmçinin Çexiya və Slovakiyadan iki helikopter Fransadakı söndürmə əməliyyatlarına cəlb olunacaq.

Makron göstərilən həmrəyliyə görə Avropadakı tərəfdaş ölkələrə təşəkkürünü bildirib.

Fransanın daxili işlər naziri Loran Nunez isə mətbuata açıqlamasında deyib ki, ilin əvvəlindən bəri ölkədə baş verən meşə yanğınları nəticəsində 50 min hektardan çox ərazi yanıb. Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Nazir əlavə edib ki, Jirond departamentinin Somos şəhərində artıq üç gündür davam edən yanğın nəticəsində 10 mindən çox hektar ərazi külə dönüb. O, mövsümün ən böyük yanğınının quru yolla çatılması çətin olan ərazidə yayıldığını və hələ də tam nəzarət altına alınmadığını vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər