Fransada quraqlıq dərinləşir - Çayların 25 faizi quruyub


  • 16:51

Fransada quraqlıq ciddi həddə çatıb.

E-huquq.az xarici Kİv-ə istinadən xəbər verir ki, ölkənin Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) bildirib ki, ölkə ərazisindəki çayların təxminən 25 faizi tamamilə quruyub.

CNRS-in nümayəndəsi Anyes Düşarn "France Inter" radiosuna müsahibəsində bütün göstəricilərin Fransada qeyri-adi quraqlıq şəraitinin hökm sürdüyünü göstərdiyini deyib. Onun sözlərinə görə, mövcud hava şəraiti nəzərə alınarsa, vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

Fransanın şimal-şərqində yerləşən Mört-e-Mozel departamentində isə quraqlıqla bağlı xəbərdarlıq səviyyəsi dördpilləli sistem üzrə üçüncü mərhələyə yüksəldilib. Bu qərar bölgədə sudan istifadəyə ciddi məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Departament prefekturası 2022-ci ildən bəri ən ağır quraqlıq dövrünün yaşandığını, eyni zamanda rekord sayda çay və axar suların quruduğunu açıqlayıb.

Fransanın meteorologiya xidmətiin məlumatına əsasən, iyulun əvvəlində torpağın rütubət göstəricisi ilin bu dövrü üçün rekord aşağı səviyyəyə enib.

Bununla yanaşı, ölkə üzrə fermerlərə mövcud yem ehtiyatlarından qənaətlə istifadə etmələri tövsiyə olunub.

Fransanın ekoloji keçid naziri Monik Barbü isə iyulun 15-də verdiyi açıqlamada ölkənin son dərəcə narahatedici quraqlıq dövründən keçdiyini bildirib. Nazir qeyd edib ki, Fransanın 99 departamentində sudan istifadəyə qismən və ya tam məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, Fransada may ayından etibarən üç ayrı isti hava dalğası qeydə alınıb. Orta temperaturun 22,7 dərəcə təşkil etməsi ilə bu ilin iyun ayı ölkə tarixinin ən isti iyunu kimi qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər