- 17:05
Rumıniya Xarici İşlər Nazirliyi son üç gündə ölkə ərazisində qeydə alınan pilotsuz uçuş aparatları insidentləri ilə əlaqədar Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu "X" sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, iyulun 24-də Rumıniya ərazisində zərərsizləşdirilən pilotsuz uçuş aparatının Rusiya Silahlı Qüvvələrinin Ukraynada istifadə etdiyi "Şahed" tipli dron olduğu müəyyən edilib. Digər iki pilotsuz uçuş aparatı ilə bağlı araşdırmalar isə davam edir.
Oana Tsoyu bildirib ki, Rumıniya və Avropa İttifaqının hava məkanının pozulması qəbuledilməzdir və bu cür hallara ciddi yanaşılır. Bu səbəbdən Rusiyanın səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, iyulun 26-da Rumıniyanın F-16 qırıcısı ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını vurub. Bu, son üç gün ərzində qeydə alınan üçüncü belə insidentdir.