- 11:17
Almaniyada əhalinin 70 faizi hesab edir ki, ölkənin ordusu potensial hücuma tab gətirmək üçün kifayət qədər güclü deyil.
E-huquq.az xəbər verir ki, bu "YouGov" tərəfindən Almaniyada 17 iyun – 1 iyul tarixləri arasında 2079 nəfər arasında aparılan sorğuya əsasən müəyyən edilib.
Orduya güvəndiyini bildirənlər 21 faiz təşkil edib, 8 faiz isə bu məsələ ilə bağlı fikir bildirməyib.
Qeyd edək ki, sorğuya daxil edilən ölkələr arasında orduya ən aşağı inam səviyyəsi Almaniyada qeydə alınıb.
Sorğuda iştirak edən almanların 40 faizi ölkənin müdafiə büdcəsini qeyri-kafi hesab edir. Bununla belə, iştirakçıların 77 faizi artan müdafiə xərclərini qarşılamaq məqsədilə vergilərin qaldırılmasının əleyhinə çıxıb.
İştirakçıların 62 faizi müdafiə büdcəsinin artırılması məqsədilə dövlət xidmətlərində ixtisarların aparılmasına qarşı olduqlarını, 59 faizi isə hökumətin daha çox borclanmasını istəmədiklərini bildirib.
Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra Almaniya öz müdafiə imkanlarını gücləndirmək istiqamətində səylərini sürətləndirdi. Berlin hökuməti ötən il 86 milyard avro təşkil edən müdafiə xərclərini 2029-cu ilədək 153 milyard avroya çatdırmağı planlaşdırır. Almaniya həmçinin 2035-ci ilədək peşəkar hərbçilərin sayını 184 mindən 260 minə, ehtiyat qüvvələrinin sayını isə 200 minə yüksəltməyi hədəfləyir.
Qeyd edək ki, Almaniyada xüsusilə gənclər arasında məcburi hərbi xidmətə qarşı etirazlar davam edir.
Humay Eminqızı