Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 1405-ə çatıb


  • 15:28

Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilmiş Ebola epidemiyası davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin açıqladığı son məlumata görə, virusdan ölənlərin sayı 1405-ə, təsdiqlənmiş yoluxma halları isə 3200-ə yüksəlib.

Nazirliyin məlumatına əsasən, epidemiya ölkənin İturi, Şimali Kivu, Cənubi Kivu, O-Huele (Haut-Uele) və Tşopo əyalətlərini əhatə edir. Hazırda 773 nəfər təcrid mərkəzlərində və xəstəxanalarda müalicə alır, 571 nəfər isə sağalaraq evə buraxılıb.

Səhiyyə rəsmiləri xəstəliyin daha geniş yayılmasının qarşısını almaq məqsədilə xəstələrin müalicəsi, həmçinin yoluxan şəxslərlə təmasda olmuş insanların müəyyən edilərək izlənilməsi istiqamətində tədbirlərin davam etdirildiyini bildiriblər.

Xatırladaq ki, ölkənin şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma halı və 65 ölüm faktının qeydə alınmasından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilmişdi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə mayın 17-də epidemiya ilə əlaqədar beynəlxalq ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Mütəxəssislərin sözlərinə görə, hazırkı epidemiya Ebola virusunun nadir növlərindən biri olan “Bundibugyo” ştamı ilə əlaqədardır. Bu virusa qarşı hazırda təsdiqlənmiş müalicə üsulu və ya peyvənd mövcud deyil.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda baş vermiş epidemiyalar zamanı aşkarlanıb. Hemorragik qızdırmaya səbəb olan virus adını ilk yayıldığı Ebola çayının yaxınlığındakı yaşayış məntəqəsindən alıb.

Virus 2013-cü ilin sonunda Qərbi Afrikaya da yayılıb. 2014–2017-ci illərdə Qvineya, Liberiya və Sierra-Leonedə baş vermiş epidemiya zamanı 30 mindən çox insan virusa yoluxub, 11 mindən artıq şəxs isə həyatını itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər