- 16:49
Belçikada iyunun sonlarında müşahidə olunan güclü isti hava dalğası zamanı Avropa ölkələri arasında ən yüksək ölüm göstəricisi qeydə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Ölüm Monitorinqi Şəbəkəsinin (EuroMOMO) məlumatına görə, həmin dövrdə Belçikada göstəric 48 faiz təşkil edib. Bu, Avropa üzrə ən yüksək göstərici hesab olunur.
Müqayisə üçün qeyd edək ki, eyni dövrdə istidən ölüm göstəricisi Fransada 23 faiz, Niderlandda isə 13 faiz olub.
Məlumata əsasən, həddindən artıq isti hava şəraiti sosial-iqtisadi baxımdan daha əlverişsiz bölgələrdə yaşayan əhaliyə daha ciddi təsir göstərib.
Ekspertlər hesab edirlər ki, Belçikanın yüksək şəhərləşmə səviyyəsi insanların sərinləmə imkanlarını məhdudlaşdırır və bu da yüksək temperaturun təsirlərini daha da gücləndirir.
Belçikanın İctimai Səhiyyə İnstitutu (Sciensano) daha əvvəl açıqladığı məlumatda bildirmişdi ki, iyun ayında müşahidə olunan isti hava dalğası və iyulun ilk günlərində ölkədə təxminən 2 min əlavə ölüm qeydə alınıb. Bu göstərici 48 faizlik əlavə ölüm səviyyəsinə uyğun gəlir.
Şəbnəm Mehdizadə