Fransada bu il 116 min hektardan çox ərazi yanıb


  • 17:36

Fransada 2026-cı ilin əvvəlindən bəri baş verən meşə yanğınları nəticəsində 116 min hektardan çox ərazi külə çevrilib.

E-huquq.az xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunes "France 2" telekanalına müsahibəsində ölkədə davam edən yanğınlarla bağlı son vəziyyəti dəyərləndirib.

Nazir bildirib ki, ölkənin cənub-qərbində yerləşən Jirond departamentində ötən həftə başlayan yanğınlar nəticəsində indiyədək 42 min hektar ərazi yanıb. Yanğının söndürülməsinə 2 500-dən çox yanğınsöndürən və 18 hava vasitəsi cəlb olunsa da, alov hələ də tam nəzarət altına alınmayıb.

Loran Nunes qeyd edib ki, ölkə üzrə ilin əvvəlindən bəri ümumilikdə 13 566 yanğın hadisəsi qeydə alınıb və bu hadisələr nəticəsində 116 min hektardan artıq ərazi məhv olub. Onun sözlərinə görə, bu, Paris şəhər mərkəzinin sahəsindən təxminən 11 dəfə böyük ərazi deməkdir.

Nazir xatırladıb ki, Fransada indiyədək ən ağır yanğın mövsümlərindən biri hesab edilən 2022-ci ildə il ərzində ümumilikdə 70 min hektar ərazi yanmışdı.

Qeyd edək ki, bu il Fransada yanğın mövsümü əvvəlki illərlə müqayisədə daha erkən başlayıb. Hazırda Jirondla yanaşı, Land, Var və Yuxarı Korsika departamentlərində də meşə yanğınları bir neçə gündür davam edir.

Yanğınlar səbəbindən 200 mindən çox sakin təhlükəsizlik məqsədilə təxliyə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər