- 12:21
Türkiyə hüquq-mühafizə orqanları İstanbul və Bursa şəhərlərində eyni vaxtda keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində ölkə daxilində və xaricdə fəaliyyət göstərən 7 ayrı mütəşəkkil silahlı cinayət qrupunun 28 üzvünü saxlayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar son dövrlər "yeni nəsil" cinayət qrupları kimi tanınan, motosikletlərdən istifadə etməklə iş yerlərinin gülləbaran edilməsi, quldurluq və digər ağır cinayətlərdə iştirak edən, rəhbərləri İnterpolun qırmızı bülleteni ilə axtarılan silahlı dəstələrin zərərsizləşdirilməsi məqsədilə həyata keçirilib.
Araşdırmalar zamanı Başakşehir, Güngören, Avcılar, Maltepe, Fatih, Esenyurt, Kağıthane və Bağcılar rayonlarında fəaliyyət göstərən 7 mütəşəkkil silahlı cinayət qrupunun üzvlərinin şəxsiyyəti və ünvanları müəyyən edilib.
İstanbul və Bursa şəhərlərində müəyyənləşdirilmiş ünvanlara eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 28 şübhəli saxlanılıb. Axtarışlar zamanı 4 ədəd qanunsuz saxlanılan tapança və 1 ov tüfəngi aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər barəsində prosessual tədbirlərin görülməsi üçün polis idarələrinə aparılıb. İstintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə