Avstraliyada 1,2 metrlik nadir fosil tapıldı


  • 12:04

Avstraliyanın Sidney şəhərində yaşayan təqaüdçü cütlüyün bağ divarında təsadüfən aşkar etdiyi 1,2 metr uzunluğunda fosil elm aləmində böyük marağa səbəb olub.

E-huquq.az xəbər verir ki, Sidneydəki UNSW Universiteti və Avstraliya Muzeyinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, tapıntı indiyədək elmə məlum olmayan tarixdən əvvəlki amfibiya növünə məxsusdur. Alimlər yeni növü Arenaerpeton supinatus adlandırıblar.

Təxminən 1,2 metr uzunluğunda olan canlının demək olar ki, tam şəkildə qorunub saxlanılmış skeleti paleontoloqlar tərəfindən nadir tapıntı kimi qiymətləndirilir. Xüsusilə kəllə sümüyü ilə bədənin ayrılmaması, hətta dəri izlərinin belə günümüzə qədər qorunması elmi tədqiqatlar baxımından böyük əhəmiyyət daşıyır.

Mütəxəssislərin fikrincə, bu yırtıcı canlı təxminən 250 milyon il əvvəl Trias dövründə indiki Sidney hövzəsinin şirin su hövzələrində yaşayaraq balıqlarla qidalanıb. Onun iri dişləri və damaq hissəsində yerləşən uzun köpək dişləri ovunu asanlıqla ələ keçirməsinə imkan verirdi.

Görünüş baxımından müasir Çin nəhəng salamandrını xatırlatsa da, alimlər Arenaerpeton supinatus növünün daha böyük ölçülərə və daha güclü bədən quruluşuna malik olduğunu bildirirlər. Bu kəşfin qədim amfibiyaların təkamülü və Trias dövrünün ekosisteminin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıdığı vurğulanır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər