- 17:52
İspaniyanın Sevilya hava limanında 2018-ci ildən bəri tərk edilmiş vəziyyətdə saxlanılan iki mühərrikli Piper PA-23 Apache tipli təyyarə cəmi 10 avroluq ilkin qiymətlə hərraca çıxarılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sahibinə uzun müddət ərzində çatmaq mümkün olmadığı üçün dövlət tərəfindən satışa çıxarılan təyyarənin uçuşa yararlı vəziyyətdə olmadığı bildirilsə də, hərraca maraq böyük olub.
Sərtlərə cavab verən fiziki şəxslər, şirkətlər və təşkilatlar hərracda iştirak edə bilərlər. İspaniya Hava Limanları və Hava Naviqasiyası Qurumu ("Aena") nümayəndələri elan yayımlandıqdan sonra çoxsaylı müraciətlər və elektron məktublar aldığını, təyyarəyə marağın yüksək olduğunu açıqlayıb.
Müraciət mərhələsi başa çatdıqdan sonra təklif zərflərinin açılacağı tarix Sevilya hava limanının rəhbərliyi tərəfindən açıqlanacaq.
1950-ci illərdə ABŞ-ın "Piper Aircraft Corporation" şirkəti tərəfindən istehsal edilən "Piper PA-23 Apache" dövrünün ilk seriya istehsallı, tam metal gövdəli və dörd sərnişinlik iki mühərrikli təyyarələrindən biri hesab olunur. Model həmin dövrdə geniş populyarlıq qazanıb.
Bununla belə, "Aena" 10 avroluq ilkin qiymətin təyyarənin real vəziyyətini əks etdirmədiyini vurğulayıb. Qurumun məlumatına görə, uzun illər baxımsız qaldığı üçün təyyarənin yenidən uçuşa qaytarılması mümkün deyil.
Mütəxəssislər bildirirlər ki, Piper PA-23 Apache modellərinin bazar qiyməti onların texniki vəziyyətindən asılı olaraq ciddi şəkildə dəyişir:
- Bərpa və texniki xidmət tələb edən köhnə modellər: 35 min – 60 min ABŞ dolları
- Uçuşa hazır və standart vəziyyətdə olan modellər: 60 min – 130 min ABŞ dolları
- Müasir kabin sistemləri və yenilənmiş mühərriklərlə təchiz olunan modellər: 150 min – 225 min ABŞ dolları
Sevilyadakı təyyarə hazırda uçuş imkanını itirdiyi üçün daha çox hurda və ya kolleksiya əşyası kimi qiymətləndirilir. Lakin eyni modelin uçuşa yararlı vəziyyətdə olan nümunələrinin bazarda yüksək qiymətə sahib olduğu bildirilir.
Şəbnəm Mehdizadə