ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski görüş zamanı Kiyevə "Patriot" zenit-raket kompleksi üçün raketlərin istehsalına lisenziyanın verilməsi imkanını müzakirə ediblər.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna lideri Ağ Evin Oval kabinetində keçirilən görüşün yekunlarına dair özünün teleqram kanalındakı səhifəsində yazıb.
"Prezidentlə "Patriot" üçün raketlərin istehsalına dair lisenziyaları və bəzi digər ideyaları müzakirə etdik. Həmçinin diplomatiya barədə danışdıq. Diplomatik prosesi (Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üçün – red.) fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək kommunikasiyanın detallarını razılaşdıracaq. Qətiyyətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdaram", – deyə o yazıb.
V.Zelenski görüşü müsbət xarakterizə edərək onu "yaxşı" adlandırıb.
O, həmçinin bu gün dəfn mərasimi keçirilən senator Lindsi Qremin ölümü ilə əlaqədar Trampa başsağlığı verib: "Prezident Trampa Lindsi Qremin ölümü ilə əlaqədar başsağlığı verdim. O, Ukraynanın əsl dostu idi".
***
20:23
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş təxminən bir saat davam edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Zelenski yerli vaxtla saat 10:52-də (Bakı vaxtı ilə 18:52) Ağ Evi tərk edib.
Bundan əvvəl Ağ Ev rəsmilərinə istinadən yayılan məlumatda görüşün yerli vaxtla saat 09:47-də (Bakı vaxtı ilə 17:47) başladığı qeyd olunmuşdu.
***
18:44
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.
E-huquq.az xəbər verir ki, görüş yerli vaxtla saat 09:47-də (Bakı vaxtı ilə 17:47) başlayıb.
Qeyd edək ki, Ağ Evdəki görüşdən sonra Zelenski senatorlarla görüşmək üçün Kapitoliyə gedəcək. Ukrayna Prezidenti həmçinin senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.
