Türkiyədə 5 min illik küp aşkar edilib


  • 14:43

Türkiyənin Konya vilayətinin Seydişehir rayonunda yerləşən Gökhöyük ərazisində aparılan arxeoloji qazıntılar zamanı üzərində insan siması, Anadolu vəhşi keçisi və həyat ağacı təsvirləri olan, təxminən 5 min il yaşı olduğu ehtimal edilən küp aşkarlanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seydişehir rayonundan təxminən 8 kilometr məsafədə yerləşən Gökhöyük ərazisi 1950-ci illərdə britaniyalı arxeoloq James Mellaart tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib.

Qazıntı işlərinə rəhbərlik edən Ramazan Gündüz bildirib ki, Gökhöyük ərazisi e.ə. VII minillikdən başlayaraq Neolit, Kalkolit, Tunc və Dəmir dövrləri, eləcə də eramızın 1000-ci illərinə qədər bölgədəki gündəlik həyat, adət-ənənələr və mədəni inkişaf haqqında mühüm məlumatlar təqdim edir.

O, ilk izlərinə 2024-cü ildə rast gəlinən küpün qazıntı qrupunda böyük maraq doğurduğunu qeyd edib. Gündüz bildirib ki, 2025-ci ildə həmin sahə tam açıldıqda nadir tapıntı ilə qarşılaşıldığı məlum olub.

Arxeoloqlar küpü kurqanın mərkəzində yerləşən və “F8 sahəsi” adlandırılan hissədə aşkar ediblər. Mütəxəssisin sözlərinə görə, adətən belə qabların ağız hissəsi yuxarı istiqamətdə olur və gündəlik istifadəyə işarə edir. Lakin bu küpün xüsusi şəkildə tərsinə çevrilərək ərazidə məqsədli şəkildə buraxıldığı ehtimal edilir.

Küpün tapıldığı hissənin yaşayış məkanı, yoxsa dini mərasimlər üçün istifadə olunan ərazi olduğu hələ müəyyən edilməyib. Qazıntıların davam etməsi ilə bu barədə daha dəqiq məlumatların əldə ediləcəyi gözlənilir.

Məlumata görə, küpün ağız hissəsinin diametri təxminən 1 metr, hündürlüyü isə 120 santimetrdir. Onun təxminən 800–1000 kiloqram həcmində material saxlamaq tutumuna malik olduğu bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər