- 17:46
Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib.
E-huquq.az xəbər verir ki, yanğın əvvəlcə kənd təsərrüfatı ərazisində başlayıb. Güclü küləyin təsiri ilə alov qısa müddətdə meşəlik sahəyə yayılıb.
Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə tədbirləri davam etdirilir.
Muğla valisi İdris Akbıyık açıqlamasında vilayətin müxtəlif ərazilərində 5 ayrı yanğın hadisəsinin qeydə alındığını bildirib. Onun sözlərinə görə, bu yanğınlardan 4-ü artıq nəzarət altına alınıb, Seydikemerdə davam edən yanğının söndürülməsi istiqamətində isə işlər davam edir.
Vali yanğınla mübarizədə 741 əməkdaşın iştirak etdiyini qeyd edib. O bildirib ki, ərazidə 5 təyyarə, 18 helikopter, 88 yanğınsöndürmə maşını, 3 ilkin müdaxilə avtomobili, 20 su tankeri, 23 iş texnikası, 63 nəqliyyat vasitəsi və 8 təcili tibbi yardım maşını fəaliyyət göstərir.
Təhlükəsizlik məqsədilə 121 evdən 202 sakinin və Seydikemer Dövlət Xəstəxanasının müvəqqəti olaraq təxliyə edildiyi bildirilib.
Bundan əlavə, güclü tüstü və yanğın təhlükəsi səbəbindən Antalya-Seydikemer avtomobil yolunun nəqliyyat üçün bağlandığı açıqlanıb.
Xilasetmə və yanğının lokallaşdırılması üzrə tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə