- 23:36
Misirin Dimyat limanında qaz saxlama və reqazifikasiya gəmilərində yanğın baş verib.
E-huquq.az Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, hadisəyə fövqəladə hallar planına uyğun olaraq dərhal müdaxilə edilib. Yanğının söndürülməsi və vəziyyətin nəzarətə götürülməsi üçün aidiyyəti qurumlar, yanğınsöndürmə və təhlükəsizlik qrupları cəlb olunub. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan və ya həlak olan yoxdur.
Məlumata görə, Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi hadisə yerinə gələrək yanğının söndürülməsi, ərazinin təhlükəsizliyinin təmin edilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın gedişini yerində izləyib.
Nazirliyin bəyanatında hadisənin səbəbi göstərilməyib. Nazirlik araşdırmaların davam etdiyini bildirib. Qurum media orqanlarını və sosial şəbəkə istifadəçilərini hadisə ilə bağlı yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.
Bununla belə, bir sıra xarici media orqanı Dimyat limanındakı gəmilərin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmış ola biləcəyini yazıb.
“Ambrey” dəniz təhlükəsizliyi şirkəti rəsmi saytında ABŞ-yə məxsus, Marşal adaları bayrağı altında fəaliyyət göstərən LNG saxlama gəmisinin, həmçinin Yunanıstana məxsus, Bermuda bayrağı altında üzən LNG tankerinin Misirin ərazi sularında pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlayıb. Şirkətin məlumatına görə, hadisəyə görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib, limanın infrastrukturuna ziyan dəyməsi və ya xəsarət alanlar barədə məlumat yoxdur.