Pakistanda polis məntəqəsinə silahlı hücum: 9 ölü, 28 yaralı


  • 12:48

Pakistanın Hayber-Paxtunxva əyalətində polis nəzarət məntəqəsinə silahlı hücum olub.

E-huquq.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Hayber-Paxtunxva əyalətinin Hangu bölgəsində baş verib. Naməlum silahlı şəxslər polis nəzarət məntəqəsinə hücum ediblər.

Hücumun Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirildiyi bildirilib.

Hadisə zamanı 9 polis əməkdaşı ölüb, 28 polis isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Təhlükəsizlik qüvvələrinin qarşılıq verməsi nəticəsində 15 silahlı şəxsin zərərsizləşdirildiyi açıqlanıb.

Qeyd olunur ki, Pakistanda silahlı hücumlar, xüsusilə Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində daha çox qeydə alınır. Bu bölgələrdə fəaliyyət göstərən silahlı qruplar təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar həyata keçirirlər.

Pakistan hakimiyyəti Pakistan Talibanının (TTP) Əfqanıstan ərazisində mövqeləndiyini və hücumları oradan təşkil etdiyini iddia edir. Əfqanıstan rəhbərliyi isə bu ittihamları rədd edir.

Bəlucistan əyalətində isə əsas təhlükə mənbələrindən biri kimi Bəlucistan Azadlıq Ordusunun (BLA) fəaliyyəti göstərilir. Qrup Bəlucistanın Pakistandan ayrılmasını və bölgənin idarəçiliyinin bəluc xalqına verilməsini tələb edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər