Türkiyədə meşə yanğını ilə mübarizə davam edir


  • 10:38

Türkiyənin Aydın vilayətində ötən gün baş verən meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın ötən gün yerli vaxtla saat 15:00 radələrində naməlum səbəbdən başlayıb.

Hadisə yerinə Meşə Regional İdarəsinin qüvvələri cəlb olunub. Alovla mübarizə təyyarə və helikopterlər vasitəsilə havadan, çoxsaylı xüsusi texnika, yanğınsöndürən avtomobillər, su daşıyan maşınlar və meşə təsərrüfatı işçilərinin iştirakı ilə qurudan aparılıb.

Əraziyə həmçinin AFAD, jandarma, polis, yanğınsöndürmə, təcili tibbi yardım və qeyri-hökumət təşkilatlarının əməkdaşları da cəlb edilib.

Yanğın nəticəsində bəzi evlərə ziyan dəyib. Yanğınsöndürmə işlərində iştirak edən iki nəfər isə tüstüdən zəhərlənib.

Yanğın səbəbindən bir məhəllə təxliyə edilib. Təxliyə olunan heyvanlar rayonun heyvan bazarında yaradılan təhlükəsiz əraziyə yerləşdirilib.

Hazırda alovun nəzarət altına alınması istiqamətində tədbirlər fasiləsiz davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər