- 15:38
Avropa İttifaqı (Aİ) ölkələrində ilin əvvəlindən etibarən meşə yanğınları nəticəsində məhv olan ərazilərin sahəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz artaraq 434 min 976 hektara çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS) məlumatlarına əsasən, iyul ayında Avropada müşahidə olunan güclü istilər fonunda meşə yanğınlarının sayı sürətlə artıb və böyük ərazilər yanıb.
Məlumata görə, Aİ ölkələrində iyulun 29-dək qeydə alınan yanğınlar nəticəsində 434 min 976 hektar meşə sahəsi məhv olub. Bu ərazi təxminən 4 min 350 kvadratkilometrə bərabərdir və Lüksemburqun ərazisindən 1,7 dəfə, Maltanın ərazisindən isə təxminən 14 dəfə böyükdür.
Ötən ilin eyni dövründə Aİ ölkələrində yanğınlardan zərər çəkən ərazi 346 min 836 hektar təşkil edib. Beləliklə, bu il itkilərin həcmi illik müqayisədə 25 faiz artıb.
Cari ilin göstəricisi 2006-2025-ci illər ərzində eyni tarix üçün qeydə alınan orta hesabla 172 min 186 hektarlıq yanğın sahəsindən təxminən 2,5 dəfə çoxdur. Yanvarın 1-dən iyulun 29-dək Aİ ölkələrində ümumilikdə 1407 meşə yanğını baş verib ki, bu da uzunmüddətli orta göstəricidən iki dəfədən çoxdur.
Ən çox meşə yanğınının qeydə alındığı ölkələr sırasında İspaniya ilk sırada yer alır. Ölkədə ilin əvvəlindən iyulun 29-dək 208 min 420 hektar ərazi yanıb. Bu göstərici Aİ-də məhv olan ümumi meşə sahəsinin təxminən yarısını təşkil edir. İspaniyada bu müddətdə 376 meşə yanğını baş verib və bu rəqəm ötən ilin göstəricisindən üç dəfə çoxdur.
Fransada eyni dövrdə 91 min 24 hektar meşə sahəsi yanıb. Bu, Aİ üzrə ümumi itkilərin təxminən beşdə birinə bərabərdir. Ölkədə 322 meşə yanğını qeydə alınıb.
Digər Aİ ölkələrində isə yanğınlar nəticəsində İtaliyada 69 min 414 hektar, Portuqaliyada 39 min 801 hektar, Rumıniyada 11 min 957 hektar, Yunanıstanda 5 min 696 hektar, Xorvatiyada 3 min 318 hektar, İrlandiyada 2 min 450 hektar, Almaniyada 2 min 170 hektar və Polşada 1458 hektar ərazi məhv olub.
Ötən il ərzində Aİ ölkələrində ümumilikdə 1 milyon 79 min hektar meşə sahəsi yanıb. Bu göstərici 2006-cı ildə EFFIS qeydiyyatlarının başlanmasından bəri ən yüksək illik itki kimi qeydə alınıb.
Şəbnəm Mehdizadə