- 15:46
ABŞ-ın İndiana ştatında 2025-ci ildə bir qadının ölümü ilə nəticələnən dəstə ilə əlaqəli silahlı hücumda təqsirli bilinən 15 yaşlı Jo’Majze Larri 100 il müddətinə azadlıqdan məhrum edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Madison dairəsi məhkəməsinin hakimi Devid Happenin çıxardığı qərara əsasən, “Mickey Cobra Nation” (MCN) adlı cinayətkar qruplaşmanın üzvü olduğu bildirilən Larriyə 26 yaşlı Dayla Swainin qətlə yetirilməsi ilə bağlı 50 il, cinayətkar dəstənin üzvü olması səbəbindən cəzanın artırılması çərçivəsində daha 50 il olmaqla ümumilikdə 100 il həbs cəzası verilib.
Eyni iş üzrə mühakimə olunan 19 yaşlı Raşon Samuels qətl və dəstə üzvlüyü ittihamları üzrə ümumilikdə 125 il həbs cəzasına məhkum edilib.
İş üzrə digər təqsirləndirilən 19 yaşlı Kyree Craver isə iyul ayının əvvəlində 90 il müddətinə azadlıqdan məhrum edilib. Dördüncü şübhəlinin məhkəmə prosesinin isə ilin sonrakı dövründə başlayacağı bildirilib.
Prokurorluq məlumatlarına görə, hadisə 2025-ci ilin fevral ayında Anderson şəhərindəki gecə klubunun qarşısında baş verib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər 2023-cü ildə baş vermiş başqa bir qətlin şahidini hədəf alıblar. Lakin silahlı hücum zamanı hədəfdə olan şəxs əvəzinə hadisə yerində olan Dayla Swain güllə yarası alaraq həyatını itirib.
İndiana qanunvericiliyinə əsasən, cinayətin törədildiyi vaxt 18 yaşından kiçik olan Larry cəzasının ən azı 20 ilini çəkdikdən sonra prokurorun razılığı tələb olunmadan hökmün yenidən nəzərdən keçirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
Şəbnəm Mehdizadə