- 15:46
Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş vermiş 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 35-ə yüksəlib.
E-huquq.az NHK telekanalına istinadən xəbər verir ki, Kumamoto Prefekturası Administrasiyasının rəsmisi ölənlərin sayının artdığını açıqlayıb.
Dağıntılar altından yaralı çıxarılan altı nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda 80 min ev təsərrüfatına su, 4 min 500 ev təsərrüfatına isə elektrik enerjisinin verilişi bərpa olunmayıb.
Prefektura rəhbərliyinin təşkil etdiyi təxliyə mərkəzlərində 9 mindən çox sakin müvəqqəti yerləşdirilib.
Yaponiyanın Səhiyyə Nazirliyi bildirib ki, zəlzələdən sonra bölgədəki 53 tibb müəssisəsində su və ya elektrik təchizatında fasilələr hələ də davam edir.
Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına əsasən, iyulun 28-də yerli vaxtla saat 16:27-də Uki və Hikava bölgələrində 10 kilometr dərinlikdə 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində yanğınlar baş verib, yollar və körpülər dağılıb, prefektura ərazisində genişmiqyaslı dağıntılar meydana gəlib.
Xatırladaq ki, Kumamoto prefekturasında 2016-cı ilin aprelində baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində 277 nəfər həlak olmuşdu.
Şəbnəm Mehdizadə