Belçikada isti hava ilə bağlı narıncı xəbərdarlıq elan edilib


  • 14:36

Belçikanın əksər hissəsində yüksək temperaturla əlaqədar narıncı xəbərdarlıq elan edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Belçika Kral Meteorologiya İnstitutu (RMI) məlumat yayıb.

Məlumata görə, bazar ertəsi ölkə ərazisində hava günəşli və çox isti keçəcək. Daxili bölgələrdə havanın temperaturunun 37 dərəcəyədək yüksələcəyi, günün ikinci yarısında isə ölkənin cənubunda buludlu hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.

Qeyd olunub ki, sahilyanı ərazilərdə temperaturun 30 dərəcədən aşağı qalacağı gözlənilir.

RMI bildirib ki, ölkənin əksər hissəsində narıncı səviyyəli istilik xəbərdarlığı qüvvədə olacaq. Yalnız Qərbi Flandriya və Şərqi Flandriya əyalətləri üçün bir pillə aşağı - sarı səviyyəli xəbərdarlıq tətbiq ediləcək.

Proqnoza əsasən, çərşənbə axşamı havanın temperaturu təxminən 31, çərşənbə günü isə 28 dərəcə isti olacaq. Sahilyanı bölgələr istisna olmaqla, ölkə üzrə sarı səviyyəli istilik xəbərdarlığı qüvvədə qalacaq.

Qeyd edək ki, Belçikada narıncı səviyyəli istilik xəbərdarlığı insanların sağlamlığı üçün yüksək risk yaradan həddindən artıq isti hava şəraitini ifadə edir. Bu xəbərdarlıq zamanı vətəndaşlara günün ən isti saatlarında açıq havada uzun müddət qalmamaq, kifayət qədər maye qəbul etmək və ağır fiziki fəaliyyətdən çəkinmək tövsiyə olunur. Eyni zamanda, yerli hakimiyyət orqanlarının qabaqlayıcı tədbirlər görməsi tələb edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər