- 23:00
Almaniya hökuməti Rusiya-Ukrayna müharibəsinin başlamasından etibarən Kiyevə hərtərəfli dəstəyini davam etdirir.
E-huquq.az xəbər verir ki, Almaniya hökumətinin məlumatına əsasən rəsmi Berlin 2022-ci il fevralın 24-dən indiyədək Ukraynaya ikitərəfli mülki yardım çərçivəsində 43,3 milyard avrodan çox vəsait ayırıb. Bununla yanaşı, Almaniya tərəfindən Ukraynaya təxminən 57,6 milyard avro həcmində hərbi dəstək göstərilib və ya qarşıdakı illər üçün vəsait nəzərdə tutulub.
Məlumatda qeyd olunub ki, Almaniyanın Ukraynaya yardımı enerji və kritik infrastrukturun bərpası, humanitar yardım, müdafiə imkanlarının gücləndirilməsi, qaçqınların dəstəklənməsi, iqtisadi və maliyyə sabitliyinin qorunması, eləcə də ölkənin uzunmüddətli bərpası istiqamətlərini əhatə edir. Berlin hökuməti, həmçinin Ukraynada hüquq sisteminin, dövlət idarəçiliyinin və islahat proseslərinin inkişafına, səhiyyə, təhsil və elmi əməkdaşlıq sahələrinə dəstək göstərir.
Həmçinin bildirilib ki, Ukraynanın suveren, demokratik və dayanıqlı dövlət kimi qorunması təkcə bu ölkənin deyil, həm də Avropanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Berlinin Kiyevə siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirəcəyi vurğulanıb.