- 12:38
Yaponiyada davam edən kəskin isti hava şəraiti Tokiodakı zooparklardan birində heyvan tələfatına səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Tokioda yerləşən Tama Zooparkında baş verib. Belə ki, zooparkda bir həftə ərzində üç dişi şir ölüb.
Zoopark rəsmilərinin açıqlamasına görə, 3-15 yaş aralığında olan şirlərin ölümündə həddindən artıq isti havanın əsas amil olduğunu göstərir.
Zooparkın nümayəndəsi Miva Kosaka BBC-yə açıqlamasında belə bir hadisə ilə əvvəllər qarşılaşmadıqlarını bildirib. Onun sözlərinə görə, ötən il də yüksək temperatur qeydə alınsa da, şirlərdə bu səviyyədə sağlamlıq problemi müşahidə olunmayıb.
Məlumata görə, Tama Zooparkında saxlanılan 3 yaşlı dişi şir Mugi iyulun 19-da yeməkdən imtina edib, ertəsi gün isə ayaq üstə dura bilməyib. İşçilər heyvanı sərinlətmək üçün havalandırma və su təmin edib, daha sonra ona dərialtı maye, qaraciyər əlavələri və vitaminlər tətbiq ediblər. Lakin bütün müdaxilələrə baxmayaraq, şir iyulun 28-də tələf olub.
Bundan sonra iyulun 31-də 11 yaşlı dişi şir İçiqo, daha sonra isə 15 yaşlı dişi şir Luena ölüb.
Zoopark rəhbərliyi bildirib ki, yekun ölüm səbəbləri laborator analizlərin nəticələrindən sonra dəqiqləşdiriləcək. Hazırda üç şirin - iki erkək və bir dişinin - vəziyyətinin ağır olduğu, onların ayaq üstə dura bilmədiyi qeyd olunub. Heyvanlara maye, dərman və vitamin əlavələri verilir.
Miva Kosaka bəzi şirlərdə sağalma əlamətlərinin müşahidə olunduğunu bildirib. Zooparkda dörd şirin vəziyyətinin yaxşılaşdığı, digər altı şirin isə bütün müddət ərzində sağlam qaldığı açıqlanıb.
Yüksək temperaturun davam etdiyi günlərdə heyvanların qorunması məqsədilə şirlər portativ kondisionerlər və sənaye tipli ventilyatorlarla təchiz olunmuş xüsusi əraziyə köçürüləcək.
Şəbnəm Mehdizadə