- 12:54
Rusiyada məktəbliləri tənəffüs zamanı qadcetlərdən yayındırmaq üçün şahmat zonaları və stolüstü oyunlar üçün məkanların yaradılması təklif edilib.
E-huquq.az xəbər verir ki, sözügedən təklif Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsinin üzvü Natalya Kosixina tərəfindən irəli sürülüb.
"Dərs fasilələrində şagirdlər üçün yüksək keyfiyyətli istirahət və asudə vaxtın təşkilinə ciddi yanaşmalıyıq. Orta və yuxarı sinif şagirdləri üçün məktəb dəhlizlərində və ümumi istifadə sahələrində şahmat masaları, stolüstü oyun guşələri, səyyar kitabxanalar, həmçinin üzbəüz ünsiyyət və layihə müzakirələri üçün rahat məkanlar kimi cəlbedici və interaktiv zonalar yaratmalıyıq", - Kosixina deyib.
Onun sözlərinə görə, uşaqlar ekran qarşısında hərəkətsiz oturmaq əvəzinə, aktiv oyunlarla məşğul olmalıdırlar.
"Böyüməkdə olan nəsli rəqəmsal asılılıqdan qorumaq istəyi düzgün addımdır, lakin burada ifrata varmaqdan çəkinmək son dərəcə vacibdir" - deyə Kosixina bildirib.
O bildirib ki, uşaqların marağını cəlb edəcək alternativ təklif edilmədiyi təqdirdə, sadəcə qadağa qoymaq problemi həll etməyəcək.
Humay Eminqızı