- 11:50
ABŞ, İran və Oman Sultanlığının bu gün Hörmüz boğazının yenidən açılması ilə bağlı müvəqqəti razılaşmanı elan edəcəyi gözlənilir.
E-huquq.az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, saziş Oman və İran arasında müddəti uzadıla bilən 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur.
Sazişin şərtlərinə əsasən, Fars körfəzinə istiqamətlənən gəmilər İran ərazi sularından keçməklə şimal marşrutu üzrə hərəkət edəcəklər. Ərəbistan dənizinə çıxan gəmilər isə İranla koordinasiya çərçivəsində Oman sularından keçməklə cənub marşrutu ilə üzəcəklər.
Sənədə əsasən, Hörmüz boğazından keçid üçün ilk 60 gün ərzində heç bir ödəniş tutulmayacaq. Həmçinin boğazın mərkəzi kanalının dəniz minalarından təmizlənməsi işlərinin 30 gün ərzində başa çatdırılması planlaşdırılır.
Bildirilir ki, tərəflər gələcəkdə daimi razılıq əldə edəcəkləri təqdirdə, boğazın mərkəzi kanalı həm Fars körfəzinə daxil olan, həm də körfəzdən çıxan gəmilərin istifadəsi üçün tam şəkildə açılacaq.
Humay Eminqızı