Çin 6 ABŞ təşkilatına qarşı sanksiyalar tətbiq edib


  • 14:06

Çin hökuməti ABŞ-nin "məcburi əmək" ittihamı əsasında tətbiq etdiyi sanksiyalara cavab olaraq 6 Amerika təşkilatına qarşı məhdudiyyətlər tətbiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi saytında yer alan məlumata görə, əks tədbirlər "Applied DNA Sciences", "Stratum Reservoir", "Altana Technologies", "Responsible Business Alliance", "Verite Group" və "Human Rights in China" təşkilatlarına qarşı tətbiq edilib.

Qeyd olunur ki, bu qərar xarici sanksiyalara qarşı mübarizə üzrə milli koordinasiya mexanizminin təsdiqi ilə qəbul edilib.

Bildirilib ki, Çin hakimiyyəti bu şirkətlərlə müqavilə bağlamağı və onlarla hər hansı əməkdaşlıq etməyi qadağan edir.

Qeyd edək ki, ABŞ, Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunda insan hüquqlarının qorunması məsələsini əsas gətirərək, iyulun 31-dən etibarən daha 43 Çin şirkətinin məhsullarına idxal qadağası tətbiq edəcəyini elan edib. Həmin şirkətlər mədənçıxarma, kənd təsərrüfatı, nəqliyyat, metallurgiya və dəniz məhsullarının emalı sektorlarını əhatə edir. Ümumilikdə 187 Çin qurumu "qara siyahı"ya daxil edilib. Pekinin dəfələrlə təkzib etməsinə baxmayaraq, Vaşinqton onları ciddi insan hüquqları pozuntularında ittiham edir.

Humay Eminqızı

Oxşar xəbərlər