- 11:05
Bütün dünyada rekord istilərə səbəb olan El-Nino iqlim fenomeni gələn ilin sonunadək təxminən 50 milyon insanı kəskin aclıq təhlükəsi ilə üz-üzə qoya bilər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəziyyətin bir çox ölkədə ərzaq böhranını daha da dərinləşdirəcəyi gözlənilir.
Bildirilir ki, hazırda 45 ölkədə kəskin ərzaq çatışmazlığından əziyyət çəkən 225 milyon nəfərin sayı El-Nino fenomeninin təsiri nəticəsində 20 faizdən çox arta bilər.
Aparılan təhlillərə əsasən, Mərkəzi və Cənubi Amerika, Karib hövzəsi, eləcə də Cənubi Afrika iqlim hadisəsindən ən çox zərər görəcək regionlar sırasında yer alacaq.
Məlumata görə, Cənubi və Cənub-Şərqi Asiyada yağıntının normadan az olacağı proqnozlaşdırılır. Bu isə xüsusilə kənd təsərrüfatı sektorunda çalışanlar üçün ciddi çətinliklər yarada bilər.
Ekspertlər El-Nino fenomeninin son 70 ilin ən güclü mərhələsinə çatacağını bildirirlər. Onların fikrincə, iqlim böhranı bu təbiət hadisəsinin intensivliyini və təsir gücünü əhəmiyyətli dərəcədə artırır.
Mütəxəssislər hesab edirlər ki, güclü El-Nino təsirini davam etdirərsə, 2027-ci il müşahidələr tarixində ən isti il ola bilər.
Xatırladaq ki, 2015-2016-cı illərdə baş vermiş güclü El-Nino dövründə 60-100 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşmişdi. Bununla belə, ekspertlər ümid edirlər ki, vaxtında görülən qabaqlayıcı tədbirlər sayəsində builki ekstremal hava şəraitinin təsirləri əvvəlki dövrlə müqayisədə daha məhdud olacaq.
Şəbnəm Mehdizadə