- 11:05
Ermənistan hökuməti üç nazirliyin adlarının dəyişdirilməsi ilə bağlı layihəni təsdiqləyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd nazirliklərin adlarının onların fəaliyyət istiqamətlərinə daha uyğun olmasını təmin etməkdir.
Belə ki, Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olaraq dəyişdirilməsi təklif olunur. Çünki nazirliyin vəzifələrinə ölkənin xarici iqtisadi maraqlarının təşviqi, ixracın qorunması və şaxələndirilməsi də daxil olacaq.
Əmək və Sosial Məsələlər Nazirliyinin adının isə Əmək və Rifah Nazirliyi olaraq dəyişdirilməsi təklif edilir. Bunun səbəbi odur ki, nazirlik təkcə sosial məsələlərlə deyil, həm də insanların və ailələrin rifahının təmin edilməsi, həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərəcək.
Yüksək Texnologiyalar Sənayesi Nazirliyi isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi adlandırılacaq. Nazirliyin səlahiyyətlərinə süni intellekt və bulud hesablama xidmətlərinin tətbiqi və inkişafı sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi də daxil ediləcək.
Qanun layihəsi baxılması və təsdiqlənməsi üçün parlamentə göndərilib.
Humay Eminqızı