- 11:05
Mərakeş hökuməti ötən həftə İspaniya ilə sərhəddə miqrasiya böhranının kəskinləşməsi fonunda baş verən insidentlərlə əlaqədar 86 nəfərə qarşı ittiham irəli sürüb.
E-huquq.az xəbər verir ki, bu barədə İspaniyanın “EFE” agentliyi Mərakeş İnsan Hüquqları Assosiasiyasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, nə Mərakeş hökuməti, nə də məhkəmə orqanları hələlik rəsmi statistikanı açıqlamayıb.
Agentliyin məlumatına görə, Tetuan prokurorluğu beşi yetkinlik yaşına çatmayan şəxs olmaqla azı 34 nəfərə sərhədi qanunsuz keçmənin təşkili və ya insanların qanunsuz daşınması ilə bağlı hüquqpozmalara görə ittiham irəli sürüb. Nador şəhərində 52 nəfər məhkəmə qarşısına çıxarılıb.
Xatırladaq ki, iyulun sonunda Afrikanın şimal sahilində yerləşən İspaniyanın anklav şəhəri Seutaya kütləvi miqrant axını baş verib. İspaniya rəsmilərinin məlumatına görə, son bir neçə gün ərzində Seuta sərhədini keçən miqrantların sayı 50 000 – 60 000 nəfər təşkil edib.
Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına əsasən isə sərhədi qanunsuz keçməyə cəhd edənlərin faktiki sayı Seuta istiqamətində təxminən 40 000, Melilya istiqamətində isə 1 135 nəfər təşkil edib.
Nazirliyin məlumatına görə, şəhərlə sərhədi keçərkən 11 nəfər həlak olub. İspaniya rəsmilərinin məlumatına əsasən isə Seutaya çatmağa cəhd edən azı 72 nəfər həyatını itirib.
Humay Eminqızı