- 11:08
Danimarkada süni intellektdən istifadə etməklə köçürmə hallarının qarşısını almaq üçün orta məktəblərdə yeni qaydalar tətbiq olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, 16-19 yaşlı şagirdlər yazılı tapşırıqlarını şifahi şəkildə müdafiə etməli olacaqlar. Hökumət bununla yanaşı, kompüter ekranlarının monitorinqi də daxil olmaqla bir sıra nəzarət tədbirləri həyata keçirəcək.
Qaydalar yay tətilindən sonra yeni tədris ilinin başlanması ilə qüvvəyə minib. Bu addım Təhsil naziri Maqnus Hoynikenin süni intellektdən istifadə ilə bağlı yaranan problemlərə qarşı təcili tədbirlər görülməsi çağırışından sonra atılıb.
Nazir bildirib ki, orta məktəblərdə süni intellekt vasitəsilə köçürmə halları artıb və bunun qarşısını almaq üçün operativ tədbirlərə ehtiyac var.
Təhsil Nazirliyinin açıqlamasına görə, süni intellekt tədris və imtahan prosesində yeni çağırışlar yaradır. Buna görə də şagirdlərin süni intellektdən istifadəsinin qadağan olunduğu hallarla bağlı daha aydın qaydalar müəyyən ediləcək.
Hökumət eyni zamanda təhsil sektorunda süni intellektdən istifadəyə dair milli strategiya hazırlayır. Strategiya hazırlanarkən məktəb rəhbərləri, müəllimlər və şagirdlərlə məsləhətləşmələr aparılacaq.
Nazir vurğulayıb ki, məqsəd süni intellektin şagirdlərin bilik, peşəkar inkişaf və müstəqil düşünmə bacarıqlarına mənfi təsir göstərməsinin qarşısını almaqdır.
Məqalədə qeyd olunur ki, süni intellektin sürətlə yayılması dünyanın bir çox ölkəsində təhsil sisteminə təsir göstərir və hökumətləri yeni qaydalar hazırlamağa vadar edir.
Qonşu İsveçdə aparılan araşdırmaya əsasən, 2023-2025-ci illərdə süni intellektdən icazəsiz istifadəyə görə xəbərdarlıq alan və ya dərsdən kənarlaşdırılan şagirdlərin sayı 688 faiz artıb. İsveç hökuməti də məktəblərdə süni intellektdən istifadə ilə bağlı saxtakarlıq hallarını araşdırır.
Şəbnəm Mehdizadə