- 11:08
Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola virusunun mutasiyaya uğradığı ehtimal olunur. Bu səbəbdən Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) virusa qarşı mübarizə tədbirlərini ən yüksək səviyyəyə qaldıracağını açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ebola virusunun Bundibugyo ştammı ilə bağlı ilk rəsmi məlumat mayın 15-də açıqlansa da, xəstəliyin yanvar ayından yayıldığı ehtimal edilir.
Konqo Demokratik Respublikasının Milli İctimai Səhiyyə İnstitutunun məlumatına görə, avqustun 4-dək ölkədə 3973 yoluxma və 1801 ölüm halı qeydə alınıb. Africa CDC-nin baş direktoru Dr. Jan Kaseya yoluxanların sayının artıq 4 mini keçdiyini bildirib.
Mütəxəssislərin fikrincə, bu, tarixdə ikinci ən böyük Ebola epidemiyasıdır. Dr. Kaseya virusun mutasiyaya uğrayıb-uğramadığını müəyyən etmək üçün xüsusi tədqiqatların aparılacağını deyib.
Rəsmilər bildirirlər ki, Ebola ilə bağlı ölümlərin üçdə ikisindən çoxu xəstəxanalarda deyil, birbaşa icmalar daxilində baş verir. Bunun əsas səbəblərindən biri yoluxan şəxslərlə təmasda olan insanların tam müəyyən edilə bilməməsidir. Hazırda hər bir xəstə üzrə gözlənilən 40 təmas şəxsi əvəzinə orta hesabla yalnız 10 nəfər müəyyən edilir.
Epidemiya əsasən İturi əyalətində yayılıb. Virus artıq Şimali Kivu, Cənubi Kivu, Haut-Uele və Tshopo əyalətlərinə də keçib. Qonşu Uqandada isə epidemiya nəzarət altına alınana qədər 20 yoluxma halı qeydə alınıb.
Africa CDC yaxın günlərdə aktiv yoluxma hallarının aşkarlanması üçün yeni mərhələyə keçəcək. Bu çərçivədə icma səhiyyə işçiləri Ebola əlamətləri olan şəxsləri müəyyən etmək məqsədilə evlərdə qapı-qapı yoxlamalar aparacaqlar.
Rəsmilər həmçinin xəstələrin müalicəsində remdesivir antiviral preparatından istifadə ediləcəyini bildiriblər. Bundan əlavə, Bundibugyo ştammına qarşı effektivliyi araşdırılmaq üçün Ervebo peyvəndinin bölgədə sınaqdan keçirilməsi planlaşdırılır.
Africa CDC rəsmiləri hesab edirlər ki, epidemiyanın geniş miqyasını nəzərə alaraq, yalnız ənənəvi ictimai səhiyyə tədbirləri ilə virusu nəzarət altına almaq mümkün olmayacaq.
Şəbnəm Mehdizadə