- 11:41
2026-cı ilin iyul ayında Fransa və İspaniyanı təsir altına alan meşə yanğınları yüz minlərlə insanın təxliyə edilməsinə və yüzlərlə evin yaşayış üçün yararsız hala düşməsinə səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya rəsmiləri Avila əyalətində baş verən və təxminən 50 000 hektar ərazini məhv edən yanğının ölkədə indiyədək qeydə alınmış ən böyük meşə yanğını olduğunu açıqlayıb.
Yanğın iyulun 24-nə qədər yanğın qonşu əyalətlərdəki alovlarla birləşərək ümumilikdə 77 000 hektar əraziyə yayıldı. Külə çevrilən ərazinin ölçüsünün Nyu-York şəhərinin sahəsinə bərabər olduğu bildirilib.
NASA-nın "Landsat 9" peyki tərəfindən çəkilmiş görüntülər bəndlərin ətrafındakı ərazilərə, eləcə də bölgədəki yaşayış məntəqələrinə, düşərgələrə və müxtəlif obyektlərə ciddi ziyan dəydiyini üzə çıxarıb.
Fransanın cənub-qərbindəki Jironde bölgəsində baş verən meşə yanğını 42 000 hektardan çox ərazini məhv edərək Le Porj kəndinə ciddi ziyan vurub.
Məlumatlara görə, iyul ayının sonunadək Fransada yanğın nəticəsində məhv olan ərazinin ümumi sahəsi 90 000 hektarı ötüb. Avropa Meşə Yanğınları Məlumat Sisteminin göstəricilərinə əsasən, bu rəqəm son onilliklər ərzində qeydə alınan ən yüksək səviyyədir.
Tədqiqatçılar qeyd ediblər ki, qışda yağan həddindən artıq yağış bitki örtüyünün gurlaşmasına səbəb olub, sonrakı istilik dalğaları və quraqlıq isə həmin bitkiləri qurudaraq onları yanğınlar üçün əlverişli yanacağa çevirib. Eyni zamanda, sürəti saatda 65 kilometrə çatan küləklər alovun sürətlə yayılmasına səbəb olub.
Minlərlə yanğınsöndürən və hərbi qulluqçunun səyləri sayəsində iyulun sonlarına doğru yanğınlar nəzarət altına alınmağa başlayıb. Bununla belə, mütəxəssislər davam edən isti və quru hava şəraiti səbəbindən yanğın təhlükəsinin yüksək qalması barədə xəbərdarlıq ediblər.
Şəbnəm Mehdizadə