- 11:56
Avqust ayında səmada tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq görünüşü və qismən Ay tutulması baş verəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 12-də tam Günəş tutulması müşahidə olunacaq. Bu təbiət hadisəsi Şimali Rusiya, Qrenlandiya, İslandiya, Şimali İspaniya və Portuqaliyanın kiçik bir hissəsindən görünəcək. ABŞ-də isə tutulma Alyaskadan Şimali Karolinaya qədər uzanan ərazilərdə qismən müşahidə ediləcək.
Mütəxəssislər Günəş tutulmasını izləyərkən yalnız sertifikatlı qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər. Xüsusi filtr olmadan Günəşə birbaşa, eləcə də durbin, teleskop və ya kamera vasitəsilə baxmaq gözlər üçün təhlükəlidir.
Həmin gecə Perseid meteor yağışı da maksimum aktivlik mərhələsinə çatacaq. Meteor yağışını avqustun 12-si axşamından 13-ü səhərinədək izləmək mümkün olacaq. Yeni Ay fazası ilə eyni vaxta təsadüf etdiyindən səmanın daha qaranlıq olması müşahidə üçün əlverişli şərait yaradacaq.
Perseid meteor yağışı Swift-Tuttle kometinin qalıqlarının Yer atmosferində yanması nəticəsində yaranır. Bu hadisəni izləmək üçün hava qaraldıqdan sonra şimal-şərq istiqamətinə, Perseus bürcü tərəfə baxmaq tövsiyə olunur.
Avqustun 14-16-da Venera ən böyük şərq elongasiyasına çatacaq. Planet Günəş batdıqdan qısa müddət sonra qərb üfüqünün aşağı hissəsində görünəcək və səmadakı ən parlaq obyektlərdən biri olacaq.
Ayın qismən tutulması isə avqustun 27-dən 28-nə keçən gecə baş verəcək. Hadisə Şimali və Cənubi Amerikanın böyük hissəsində, həmçinin Avropa və Afrikanın bəzi bölgələrində müşahidə olunacaq.
Tutulmanın maksimum mərhələsində Ayın diametrinin təxminən 93 faizi Yerin kölgəsinə düşəcək. Ay tam örtülməsə də, səthinin böyük hissəsi qaralacaq və mis rənginə çalan görüntü alacaq.
Mütəxəssislər bildirirlər ki, Ay tutulmasını heç bir qoruyucu vasitə olmadan təhlükəsiz şəkildə izləmək mümkündür.
Şəbnəm Mehdizadə