- 11:41
Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqına (Aİ) eyni vaxtda üzv olmağın mümkün olmadığını anlayır.
E-huquq.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Aİİ-nin əsas prinsipləri praktikada tam şəkildə həyata keçirilmir. Onun sözlərinə görə, bəzi məhdudiyyətlər və inzibati tədbirlər ümumi bazarın fəaliyyətinə mane olur, biznes mühitinə və inteqrasiya proseslərinə mənfi təsir göstərir.
Baş nazir vurğulayıb ki, üzv ölkələrin mal və xidmətlərinin ümumi bazara çıxışına təsir edən qərarlar Aİİ qanunvericiliyinə uyğun, razılaşdırılmış prosedurlar əsasında və dövlətlər arasında əməkdaşlıq çərçivəsində qəbul edilməlidir.
Paşinyanın sözlərinə görə, Aİİ ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi Ermənistanın xarici siyasət və xarici iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.
O bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbulunda məqsəd ölkə üçün alternativ imkan yaratmaqdır. Lakin bu qanunun qəbul edilməsi Ermənistanın hazırda Aİ-yə üzv olmaq hüququ qazandığı anlamına gəlmir.
Baş nazir əlavə edib ki, Ermənistanın Avropa İttifaqı qarşısında Aİİ çərçivəsindəki statusuna zidd hər hansı hüquqi, iqtisadi və ya siyasi öhdəliyi yoxdur.
Humay Eminqızı