Kanadada nəzarətdən çıxan meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib


  • 12:50

Kanadanın Britaniya Kolumbiyası əyalətində davam edən meşə yanğınları səbəbindən təxminən 22 min nəfər evlərini tərk edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda əyalətdə 102 meşə yanğını davam edir. Onların təxminən yarısı nəzarətdən çıxmış vəziyyətdədir. Yanğınların 78-i son bir həftədə başlayıb. Yanğınların sürətlə yayılması söndürmə işlərini çətinləşdirir.

Təxminən 12 min nəfərin yaşadığı Sammerlend şəhəri tamamilə təxliyə edilib. Yaxınlıqdakı Piçlend ərazisində isə 8 min nəfərə qismən təxliyə göstərişi verilib. Bundan əlavə, təxminən 10 min sakinə istənilən an ərazini tərk etməyə hazır olmaları barədə xəbərdarlıq edilib.

Yanğınlar nəticəsində bir nəfər həyatını itirib. Polisin məlumatına görə, təxliyə zamanı 80 yaşlı qadın ölüb.

Cümə axşamı başlayan “Bald Range” yanğını sürətlə yayılaraq 100 kvadrat kilometrdən çox ərazini əhatə edib. Yanğın Okanagan gölünə doğru irəliləyir. Əyalətin Baş naziri Devid Ebi bölgədə fövqəladə vəziyyət elan edib.

Rəsmilərin sözlərinə görə, uzun müddət davam edən isti və quru hava yanğın riskini artırıb. Yaxın günlərdə gözlənilən tufanların vəziyyəti daha da çətinləşdirə biləcəyi bildirilir.

Yanğınların söndürülməsi üçün 11 helikopter cəlb olunub. Onların arasında gecə saatlarında uçuş həyata keçirə bilən helikopterlər də var.

Mütəxəssislər bildirirlər ki, bölgədə son altı həftə ərzində yağıntının olmaması meşələri ciddi şəkildə qurudub. İqlim dəyişikliyinin təsiri ilə yanğınların gecə saatlarında da zəifləmədən davam etdiyi qeyd olunur. Quraqlığın payız aylarına qədər sürə biləcəyi ehtimal edilir.

Humay Eminqızı

Oxşar xəbərlər