- 17:18
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən mebel fabrikində baş verən yanğın nəticəsində Banqladeşdən olan azı 16 miqrant həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə "The Arab Weekly" xəbər portalı məlumat yayıb.
Məlumata görə, yanğın avqustun 9-da "Musa-Sanaya" sənaye zonasında yerləşən mebel istehsalı müəssisəsində baş verib.
Banqladeş səfirliyi qurbanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların cəsədlərinin mümkün qədər tez vətənə repatriasiya olunması məqsədilə Səudiyyə Ərəbistanının hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Banqladeş hökuməti həmçinin həlak olanların ailələrinə maliyyə yardımı göstərilməsi barədə göstəriş verib.
Yanğının səbəbləri hələlik müəyyən edilməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Banqladeşdən olan əmək miqrantları üçün ən böyük istiqamətdir. Təxminən 3,5 milyon Banqladeş vətəndaşı burada yaşayır və işləyir.
Humay Eminqızı