- 12:55
Böyük Britaniyada fəaliyyət göstərən “Radio Caroline” radiostansiyasının Kral III Çarlzın ölüm xəbərini səhvən elan etməklə yayım standartlarını pozduğu müəyyən edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" aparılan araşdırmanın nəticələrinə əsasən, radiostansiyanın yayım qaydalarını pozduğuna dair qərar qəbul edib.
Hadisə may ayında proqramlardan biri zamanı baş verib. Əvvəlcədən hazırlanmış səs fayllarından biri səhvən efirə verilib. Faylda Kral III Çarlzın vəfat etdiyi bildirilib və növbəti elana qədər müntəzəm yayımların dayandırıldığı açıqlanıb.
Bundan sonra efirdə Böyük Britaniyanın dövlət himni səsləndirilib və təxminən 16 dəqiqəlik sükut elan olunub.
Hadisədən xəbər tutan proqram aparıcısı efirdə üzr istəyib. O, məlumatın səhvən yayımlandığını və buna texniki nasazlığın səbəb olduğunu bildirib.
"Ofcom"un araşdırması zamanı məlum olub ki, studiya kompüterində texniki xidmət aparan əməkdaş maraq səbəbindən əvvəlcədən hazırlanmış audiofayllardan birini açıb. O, faylın efirdə yayımlandığını dərhal fərq etməyib.
Vəziyyəti anlayan əməkdaş yayımı dayandırıb və daha sonra təşviş içində binanı tərk edib.
"Ofcom" bildirib ki, radiostansiya xəbərlərin dəqiq və qərəzsiz təqdim olunması, eləcə də efirdə yol verilmiş səhvlərin dərhal düzəldilməsi ilə bağlı tələbləri pozub. Tənzimləyici qurum ictimai əhəmiyyət daşıyan məsələ ilə bağlı ciddi səhvə yol verildiyini və düzəliş elanının hadisədən təxminən 30 dəqiqə sonra yayımlandığını vurğulayıb.
"Radio Caroline" rəhbərliyi isə hadisədən sonra aidiyyəti əməkdaşlara xəbərdarlıq edildiyini açıqlayıb.
Qeyd olunub ki, oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq məqsədilə sözügedən səs faylları kompüterlərin iş masalarından silinib və bütün yayım heyətinə müvafiq prosedurlar bir daha xatırladılıb.
Humay Eminqızı