"Vəkilə qarşı təhdid və hücum ədalət mexanizminə müdaxilədir"


  • 11:11

Türkiyədə vəkilə hücum edən şəxslər həbs edilib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, hadisə avqustun 31-də axşam saatlarında baş verib. Belə ki, Trabzon Vəkillər Kollegiyasının üzvü Çağla Özgür vəkil kimi iştirak etdiyi işdə qarşı tərəfin təhqirlərinə və fiziki hücumuna məruz qalıb.

Şikayət əsasında başlanılan istintaq çərçivəsində müəyyən edilən iki şübhəli saxlanılaraq məhkəmənin qərarı əsasında həbs olunub.

Türkiyə Vəkillər Birliyinin Vəkil Hüquqları Mərkəzi hadisə ilə bağlı açıqlamasında məsələni diqqətdə saxladıqlarını bildirib.

Açıqlamada qeyd olunub ki, vəkilin təmsil etdiyi müvəkkilin mövqeyi və maraqları ilə eyniləşdirilməsi vəkilə qarşı zorakılığı təşviq edən yanaşmalardan biridir.

"Vəkilin vəzifəsini yerinə yetirdiyinə görə təhdid edilməsi, hücuma məruz qalması yalnız həmin vəkilə qarşı törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Vəkilin öz vəzifəsini yerinə yetirməsinə mane olmağa yönəlmiş hər bir cəhd vətəndaşın müdafiə hüququna və ədalətə çıxışına, dolayısıyla birbaşa ədalət mexanizminə müdaxilədir", - deyə açıqlamada bildirilib.

Həmçinin vəkillərə qarşı sistemli xarakter alan hücumların qarşısının alınması üçün kompleks və effektiv mübarizənin davam etdiriləcəyi, yalnız həbs tədbiri ilə kifayətlənməyərək müvafiq qanunvericilik dəyişikliklərinin həyata keçirilməsi üçün tələblərin irəli sürüləcəyi vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər