- 14:02
Avstraliyada sosial media platformaları gənc istifadəçiləri zərərli məzmundan qoruya bilmədikləri təqdirdə 78 milyon ABŞ dollarınadək cərimə ilə üzləşə bilərlər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaniz məlumat verib.
Onun sözlərinə görə, “Facebook”, “TikTok” və “Instagram” kimi məşhur platformaların 18 yaşdan kiçik istifadəçiləri pornoqrafiya, kiberhücum, cinayətkarlığı təbliğ edən və ya qida pozuntularını təşviq edən məzmundan qorumasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Sosial media şirkətləri asılılıq yaradan alqoritmlərdən istifadə etdikləri üçün getdikcə daha çox nəzarət altına düşürlər. Onlar istifadəçiləri ekranda daha uzun müddət saxlamaq üçün ekstremal məzmuna yönəltməkdə də ittiham olunurlar. Sözügedən qanun layihəsi Avstraliyada ötən ilin sonlarında qüvvəyə minən və 16 yaşdan kiçik şəxsləri əhatə edən, dünyada ilk sosial media qadağası təşəbbüsünə əsaslanır. Albaniz bildirib ki, “ehtiyatlılıq öhdəliyi” qaydalarını pozduğu müəyyən edilən şirkətlər 109 milyon Avstraliya dollarınadək, yəni təxminən 78 milyon ABŞ dolları məbləğində cərimə ilə üzləşə bilərlər.
Qanunvericilik həmçinin platformalardan istifadəçilərə sosial media lentlərində nələrin görünəcəyini müəyyən edən güclü alqoritmlərdən imtina etmək imkanı yaratmağı tələb edir. Albaniz vurğulayıb ki, bu addım avstraliyalılara istifadə etdikləri platformalar və gördükləri məzmunla bağlı daha geniş seçim imkanı verəcək. Qaydalara əsasən, “Facebook” və “Instagram”ın sahibi olan “Meta” kimi şirkətlər istifadəçilərə tövsiyələri şəxsi zövqlərinə uyğunlaşdıran alqoritmləri söndürmək seçimini təklif etməlidirlər.
Ötən ay açıqlanan məlumatlar göstərib ki, qadağaya baxmayaraq, 16 yaşdan kiçik avstraliyalılar arasında "Instagram" və "TikTok" kimi sosial media tətbiqlərindən istifadə artıb.
Qanun layihəsi sosial media şirkətləri, sənaye qurumları və vətəndaş cəmiyyəti qrupları ilə məsləhətləşmələrdən sonra bu ilin sonlarında parlamentə təqdim olunacaq.
Şəbnəm Mehdizadə