- 17:03
Sinə ağrısı və qanlı öskürək şikayəti ilə xəstəxanaya müraciət edən 28 yaşlı kişi həkimləri təəccübləndirən hadisə ilə üzləşib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Artyom Sidorkinin ağciyərində xərçəngdən şübhələnilən kütlə aşkarlanıb. KT və rentgen müayinələrinin nəticələrinə əsasən, həkimlər onun ağciyər xərçənginin ağır mərhələsində olduğunu düşünüblər.
Bu səbəbdən xəstənin təcili əməliyyat olunmasına qərar verilib. Lakin cərrahlar əməliyyat zamanı şiş əvəzinə ağciyərdə canlı bitki aşkar ediblər.
Məlum olub ki, gəncin ağciyərində təxminən 5 santimetr uzunluğunda kiçik şam ağacı böyüyüb. Bitkinin ağciyərdəki qan damarlarına yapışdığı və qanla qidalandığı bildirilib.
Həkimlərin araşdırması nəticəsində toxumun gənc təbiətdə olarkən təsadüfən ağciyərinə düşdüyü ehtimal edilib.
İsti və nəmli mühit toxumun cücərməsinə şərait yaradıb. Bitki böyüdükcə ağciyərin ətrafındakı toxuma və qan damarlarına zərər verib. Bu isə xəstədə güclü ağrı və qanlı öskürəyə səbəb olub.
Həkimlər əməliyyat zamanı bitkini ağciyərdən çıxarıblar. Bundan sonra gəncin vəziyyətinin sürətlə yaxşılaşdığı və onun sağlamlığına qovuşduğu bildirilib.
Hadisə tibbdə olduqca nadir rast gəlinən hallardan biri kimi qiymətləndirilir.
Şəbnəm Mehdizadə