Məzmuna keç

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsib

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, iki ölkə arasında münasibətlərin qorunub saxlanılması üçün bütün imkanlar tükəndikdən sonra bu barədə qərar qəbul edilib. Əlcəzair Xarici İşlər Nazirliyi BƏƏ-nin son dövrlərdə artan təxribatçı və düşmənçilik xarakterli hərəkətlərinə qarşı ölkənin təmkin və məsuliyyət nümayiş etdirdiyini bildirib. Qeyd olunub ki, Əlcəzair BƏƏ-ni bu davranışın mümkün ağır nəticələri barədə dəfələrlə xəbərdar edib və iki suveren dövlət arasındakı münasibətləri tənzimləyən prinsiplərə hörmət göstərməyə çağırıb.

Bəyanata görə, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, BƏƏ bu addımlarını davam etdirib. Əlcəzair hesab edir ki, həmin hərəkətlər iki suveren dövlət arasındakı münasibətlərdə qəbul edilə bilən və ya cavabsız qoyula bilən hədləri aşıb. Bununla əlaqədar Əlcəzair hökuməti BƏƏ ilə diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib.

BƏƏ-nin Əlcəzairdəki səfiri qərar barədə rəsmi şəkildə məlumatlandırılması üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

Xatırladaq ki, Əlcəzair daha əvvəl BƏƏ ilə 2013-cü ildə imzalanmış hava əlaqəsi haqqında sazişə xitam verilməsi ilə bağlı rəsmi prosedurlara başlanıldığını açıqlamışdı.

Şəbnəm Mehdizadə