İndoneziyadakı meşə yanğınları Sinqapurda havanı çirkləndirib


  • 16:24

İndoneziyada baş verən irimiqyaslı meşə yanğınlarının tüstüsü Sinqapurda hava keyfiyyətini kəskin pisləşdirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə şəhər dünyanın ən çox hava çirkliliyi qeydə alınan şəhərləri siyahısında ilk sıraya yüksəlib.

IQAir şirkəti Sinqapurda havanın çirklənmə səviyyəsinin "çox zərərli" həddə çatdığını açıqlayıb. Ölkənin Milli Ətraf Mühit Agentliyi isə bütün beş bölgədə hava keyfiyyətinin sağlamlıq üçün təhlükəli olduğunu bildirib.

Havanın çirklənməsi Malayziyaya da təsir edib. Cohor əyalətinin Batu Pahat rayonunda təxminən 200 məktəb və məktəbəqədər təhsil müəssisəsində dərslər dayandırılıb. IQAir-in məlumatına görə, Kuala-Lumpur çirkli hava reytinqində ikinci sıraya düşüb.

Sinqapurda keçirilən "Formula-1" yarışının təşkilatçıları isə görmə məsafəsi və ictimai sağlamlıqla bağlı risklər yaranacağı təqdirdə vəziyyəti aidiyyəti qurumlarla birlikdə qiymətləndirəcəklərini bildiriblər.

Qeyd edək ki, İndoneziyada yanğınların əsas səbəblərindən biri kənd təsərrüfatı sahələri yaratmaq üçün bitki örtüyünün yandırılmasıdır. "El-Ninyo" iqlim hadisəsinin yaratdığı quraqlıq da vəziyyəti ağırlaşdırıb.

İndoneziya Meşəçilik Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında ölkədə 202 min hektardan çox ərazi yanğınlardan zərər görüb. Araşdırmalara əsasən, yanğınların ölkə iqtisadiyyatına vurduğu zərər 1,7 milyard dollara çata bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər