Türkiyədə İŞİD terror təşkilatının maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində iki vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə və xarici ölkələrdə yardım kampaniyaları təşkil edərək Suriyadakı Hol düşərgəsində saxlanılan İŞİD tərəfdarlarına maliyyə dəstəyi göstərən, onlara yardım ləvazimatları göndərən, eləcə də əmlakı dondurulmuş bir şəxsə vəsait təmin edən şəxslərlə bağlı istintaq başladılıb.
Hüquq-mühafizə orqanlarının apardıqları araşdırma nəticəsində İŞİD-lə əlaqələri üzə çıxarılan və təşkilatın adından terrorçuluğun maliyyələşdirilməsi fəaliyyətində iştirak etdikləri ehtimal olunan 18 nəfər müəyyən edilib.
İki vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 16 nəfər saxlanılıb. Digər iki şübhəlinin tutulması istiqamətində tədbirlərin davam etdiyi bildirilib.
Əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı iki səs patronlu tapança, çoxsaylı qadağan olunmuş nəşrlər, təşkilati sənədlər və rəqəmsal materiallar aşkarlanaraq götürülüb.
Həmçinin ümumi dəyəri təxminən 2 milyon 135 min Türkiyə lirəsi olan nağd pul, xarici valyuta və qızıl müsadirə edilib.
Şəbnəm Mehdizadə
